seirler.info
Adı qədər qoyuldu
(Aytəkin Səfərəliyeva)
Xəyalların belinə
Yenə yəhər qoyuldu.
Arzuların cibinə
Xeyli nəmər qoyuldu.
Uzaq düşən ellərin,
Qabar tutan əllərin,
Keçib gedən illərin,
Adı hədər qoyuldu.
Allah bilir nə çəkdim
Tikanlardan gül əkdim
Sənsizliyə ev tikdim
Adı şəhər qoyuldu.
Yandıq eşqin oduna
Həsrət qaldım adına
Məhəbbətin dadına
Bir az zəhər qoyuldu.
Gözlərimdən itməyin
Qəlbi viran etməyin
Məni atıb getməyin
Adı səfər qoyuldu.
Ətrafıma nur saçdım
Ayrılıqdan hey qaçdım
Kədərimdən gül açdım
Adı bəhər qoyuldu.
Ürəyimi böldüm mən
Qürurumdan güldüm mən
Sənsizlikdən öldüm mən
Adı qədər qoyuldu.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri