seirler.info
Aldığım yerə
(Aytəkin Səfərəliyeva)
Sən asan bilirsən çıxıb getməyi
Yoxluğun gəlmişdi olduğum yerə.
Mənə yaraşmayan eşqi saxladım
Qaytara bilmədim aldığım yerə.
Həyat sağ göstərib vurar solunu
Kəsər ayağını, kəsər qolunu.
Hər gün xəyalımdan salıb yolunu
Gəlirdin uzağa daldığım yerə.
Heç kimə güvənib ürək açmaram,
İtirən insana çörək açmaram,
Daha nə faydası çiçək açmaram,
Bağban sən olsanda solduğum yerə.
Nə ürək isindi, nə acı dindi
Üstümə başıma qəm iyi sindi.
Nə əcəb bu vaxtı gəlmisən indi?
Sorub soraqlayıb qaldığım yerə.
Bəxtə payız düşüb könül yaz qalıb,
Deyirlər ömrümə mənim az qalıb,
Sənin xəyalında gözəl qız qalıb
Gedirəm gəncliyi saldığım yerə.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri