seirler.info
Nağıl
(Asim Yadigar)
Bu neçə atəşdi yanır içimdə,
Bu oddan alışır, yanır içim də.
Yanğıma səpməyə su tapılmayır,
Sonuncu nəğməsin son nəfəsində
Son dəfə oxuyan Qu tapılmayır.
Şimşəklər lal olub, susub, kiriyib,
Bəlkə bir şimşəktək çaxıb gedəsən,
Bəsdi bu dünyanın ağrısı, dərdi,
Bəlkə bu dünyadan çıxıb gedəsən!
Gedəsən gecənin sükutu kimi,
Göylərin yağışsız buludu kimi.
Gedəsən, dolasan gözlərdən uzaq,
Gözünü buludtək sıxıb gedəsən.
Baxasan dünyaya sonuncu kərə,
Sonra öz yükünü yığıb gedəsən.
Yer səni axtara, tapa bilməyə,
Göy səni axtara, tapa bilməyə.
Bir qaya olasan, sıldırım qaya,
Kimsə bir də səni çapa bilməyə,
Kimsə bir də səni tapa bilməyə!
Gedəsən, nə qəbrin, nə izin qala,
Qala beş-on kəlmə xoş sözün qala.
Torpağa əkələr sözünü sənin,
Durub gözləyələr özünü sənin.
Görəsən yoluna bir baxan varmı,
Hardasa səninçün darıxan varmı?!
Gözünün kökləri saralanacan,
Səbrlər tükənib daralanacan
Bu Yer kürəsində yoxa çıxasan!
Qoyub əllərini qaşının üstə
Bir də öz yoluna özün baxasan.
Deyələr nə vaxtsa qayıdacaqdır,
Qayıdıb dağ-daşı oyadacaqdır.
Sənin yoxluğuna bu yer üzündə
Nə kimsə darıxa, nə gözü dola.
Dünyaya gəlişin bir nağıl idi,
Dünyadan gediş də bir nağıl ola!
______________________________________________
Teqlər: Asim Yadigar şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri