logo

seirler.info

Ulu Cavid

(Asim Yadigar)

    Ulu dünya, gidi dünya yenə də öz gərdişində,
Mələkləri öz işində, iblisləri öz işində,
Neçə-neçə mərd  oğulu təngənəfəs at döşündə,
Bu da belə bir zamandı, bir dövrandı, ulu Cavid!

Əyilməyən başı vurdu zəmanənin sərt qılıncı,
Dərd üstünə dərd gətirdi namərdlərin dərd qılıncı,
Enəndə də başımıza enəydi kaş mərd qılıncı,
Ona görə dərdin böyük, bağrın qandı, ulu Cavid!

Cənnətini cəhənnəmə döndərənin özü hanı?
Od oğlunu buzlaqlara göndərənin özü hanı? 
Səni taxtdan salan kəsin, endirənin özü hanı? -
Başdan-başa dünya özü burulğandı, ulu Cavid!

Sən ki göylər övladıydın, səmalardan enməz idin,
Əqidənin qulu idin, məsləkindən dönməz idin.
Əbədiyyət günəşiydin, elə-belə sönməz idin,
Sən günəşin yolun kəsən çən-dumandın, ulu Cavid!

Boynu tükdən nazik olub ədalətin, həqiqətin,
Əyiməzlik simvoludur dəyanətin, cəsarətin.
Sonu yoxmuş cinayətin, sonu yoxmuş xəyanətin,
Məhəbbətin, sədaqətin bir ümmandı, ulu Cavid!

Bükülməzdir haqqın qolu - min bir yerdən bursalar da,
Xeyir şərə boyun əyməz min bir fitnə qursalar da,
Mərdlər mərdtək yaşayacaq lap boynunu vursalar da,
Bu özü də bir sınaqdı, imtahandı, ulu Cavid! 

Biri enir, biri qalxır - nərdivandı həyat özü,
Söndürülən ocaqlar var, kül altında qalıb közü.
Gur işıqlı səhərlərə dikilibdi nurlu gözü,
Hər döyüşdən qalıb çıxan qəhrəmandı ulu Cavid!

Hansı yolla getmiş idin, necə gəldin - yoluna bax,
Kimlər yatır sənlə qoşa - sağına bax, soluna bax.
Mişkinaz tək el anası, Ərtoğrul tək oğluna bax,
Cəfakeşlər cəfakeşi, o, Turandı, ulu Cavid!

Necə varsan elə qaldın - daha ötkəm, daha məğrur,
Əbədiyyət yolçususan - qəlbində od, gözdə qürur.
Əyilməzlik simvolusan, qazancın bu haqqın budur,
Sənət yolun bir işıqlı kəhkəşandı ulu Cavid!


 ______________________________________________
Teqlər: Asim Yadigar şeirləri

  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər