seirler.info
Ata
(Elvin Elxanoğlu)
Mən uşaq olarkən çox düşünürdüm:
Görəsən, atalar niyə qocalır?!
Əvvəl saçlarını qara görürdüm,
Bəs illər keçdikcə niyə ağarır?!
Sən demə, ömründən hər il ötdükcə,
Atalar dağ olur, göyə ucalır.
Hər dağ cavan olur, zaman keçdikcə
Dağlar da qocalır, o da qocalır.
Şaxtalı, boranlı illər keçəndə
Əyilməz heç bir dağ, daim dik qalar.
Ən yüksək həddinə gəlib yetəndə
Dağların başını bəyaz qar alar.
Dağ vüqarlı adam, müqəddəs atam,
Sən məğrur durduqca dərdim azalır.
Sənin varlığından mən güc alıram,
Əllini keçmisən, yüzə nə qalır?
Elvinəm, deyirəm – Eşidin məni,
Gəlin atamızın dəyərin bilək.
Yoxluğunda həyat sıxar adamı,
Sağ ikən atanı sevəsən gərək.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri