seirler.info
Axı...
(Elvin Elxanoğlu)
Kim deyir hər şeyi pul həll eyləyir?
Pul ilə hər şey həll olunmaz axı.
Çox şeyi pul ilə ala bilərsən,
İnsanlıq pul ilə alınmaz axı.
Pul ilə hər yeri gedib gəzərsən,
Hər şeyin yaxşısın alıb seçərsən.
Pul ilə həccə də gedib gələrsən,
Cənnət pul-paraya satılmaz axı.
Bahalı maşınlar, şirkətlər, evlər,
Başına toplaşar yeyib-içənlər.
Çoxalacaq sənə dostum deyənlər,
Dostluq yaxşı gündə bilinməz axı.
Haram tikə yemə, qoy uzaq olsun,
Dost qardaş yanında üzün ağ olsun.
Qoy pulun az olsun, canın sağ olsun,
Xərçəngi milyardlar sağaltmaz axı.
Unutma, hər kəsin bir mənliyi var,
İnsan mənliyiylə şəxsiyyət olar.
Adi bir sözdən də bir ürək sınar,
Bir qəlb qırıldısa, yapışmaz axı.
Dünya çoxlarını yola salıbdı,
Hamını göndərib, özü qalıbdı.
Çoxları bahalı saat alıbdı,
Zaman var-dövlətlə qayıtmaz axı.
Bir zaman görərsən yaş ötüb keçib,
Bütün dost deyənlər səni tərk edib.
Əzrail başının üstünü kəsib,
Dünyada rüşvətlə qalınmaz axı.
Elvinəm, yazıram, sözüm qalacaq,
Yaxşılıq eyləsəm, izim qalacaq.
Hər kim olursan ol, sonda məzara
Yaradan əlləri boş aparacaq.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri