seirler.info
Ay kimi olasan
(Rəşad Azəri)
Dünyaları dolaşan fikirlərim qarışıb,
Duyğularım sənsizlik sevdasıyla barışıb.
Gözlərim həsrət qalıb əsmər baxan gözlərə,
Sevgim isə möhtacdı sevgi deyən sözlərə.
Hardan əsdi ayrılıq küləkləri ömrümə,
Tabe olmur hisslərim, qulaq asmır əmrimə.
Coşqun dənizlər kimi coşaram, çağlayaram,
Hərdən uşaqlar kimi küsərəm, ağlayaram.
Bu nə hissdir bilmirəm, bəlkə, dəli oluram?
Acı tünd şərab kimi badələrə doluram.
Sən olmayan bu yerlər qurumuş çay kimidir,
Sənsizlik adlı həyat gecikmiş pay kimidir.
Nə qurumuş çay kimi, nə pay kimi olasan,
Gecələrə nur saçan bir ay kimi olasan...
_______________________________________________
Teqlər: Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri