seirler.info
Bacarmıram ki...
(Elvin Elxanoğlu)
Deyirdin – Zamanla unudacaqsan,
Səni unutmağı bacarmıram ki.
Hər yanda gözümün önündəsən sən,
Əlimi uzadıb çatanmıram ki.
Sənsiz nə gecəm var, nə də gündüzüm,
Sevən ürəyimə keçməyir sözüm.
Bu boyda acıya mən necə dözüm?!
Ay zalım, gecələr yatanmıram ki.
Kim qara yazar ki öz qismətini?
Kim dəyişə bilər tale, bəxtini?
Əşya deyil, alıb məhəbbətini
Çıxarıb bazarda satanmıram ki.
Həsrətin ömrümü yeyib qurtarır,
Sənsizlik əlimdən tutub aparır.
Ürək qan ağlayır, fəryad qoparır,
Neyləyim, çıxarıb atanmıram ki.
Görənlər təsəlli verirlər mənə:
“O qız layiq deyil sənin sevginə”.
Axı bu gözlərim baxıbdı sənə,
Başqa birisinə baxanmıram ki.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri