seirler.info
BAHAR GƏLİR
(Xalidə Nuray)
Çəməndə çiçəklər işvə-naz ilə,
Qayıdan durnalar xoş avaz ilə,
Çağlayan bulaqlar telli saz ilə,
Deyir yurdumuza ilk bahar gəlir.
Oyanır təbiət, canlanır meşə,
Boylanır qar altdan nərgiz, bənövşə,
Üşüyən tellərə şeh düşə-düşə,
Deyir yurdumuza ilk bahar gəlir.
Azalır dağların dumanı, çəni,
Yağış sanki yuyur üzlərdən qəmi,
Günəşin istisi, torpağın nəmi,
Deyir yurdumuza ilk bahar gəlir.
Bağlarda ağaclar ilk çiçəyiylə,
Qızılgül bəzənir tər ləçəyiylə,
Xalidə yaz ünlü söz gerçəyiylə,
Deyir yurdumuza ilk bahar gəlir.
______________________________________________
Teqlər: Xalidə Nuray şeirləri,
Xalidə Nuray bahar gəlir şeiri,
bahar gelir seiri Xalide Nuray,
xalide nuray seirleri,şeirlər,şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri