seirler.info
Bekar olubdu
(Aytəkin Səfərəliyeva)
Baxma əllərimin incəçiyinə
Mənim də ürəyim qabar olubdu.
Sevinc gələn yollar daşlı, qayalı
Qəm gələn yollarım hamar olubdu.
Gedəcək kimsəsiz bir gün cənazən
Əzər duyğuları qəlbdə boş gəzən
Məni ovunduran dərdimin bəzən
Saçıma çəkdiyi tumar olubdu.
Məni yıxdı həyat bəlkə min kərə
Gördüm hər bucaqdan başqa mənzərə,
Çox vaxt güvəndiyim qapı, pəncərə
Açmaq istəyəndə divar olubdu.
Həyatın min cürə fəndi-feli var
Sevgi var könüldən dərilər nübar,
İndiki dövrdə Məcnunlar tüccar,
Səhralar eşq satan bazar olubdu.
Qaytarmır heç nəyi nə vaxt, nə vədə,
Ölən arzulara qaldırdıq badə
Mənim bu həyatda istəyim sadə,
Nə şöhrət olubdu, nə var olubdu.
Ürəyim genişdir mənim hər zaman
Dağı dağ üstünə sığıbdır yaman
Mənim ürəyimi yaratdığı an,
Deyəsən yaradan bekar olubdu.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri