seirler.info
Bəxtəvər, bu da bilmir
(Sevinc Azadlı)
Qısılıb ürəyimin küncünə ağlayıram,
Tonqal çatıb ruhumu atmışam oda, bilmir.
Şişə çəkib qəlbimi ocaqda dağlayıram,
Alovu söndürməyin yolunu su da bilmir.
Dərdlər boy cərgəsinə dəstə-dəstə düzülüb,
Canım namərd oxundan tiftiklənib süzülüb,
Əllərim Yaradandan, ayaq yerdən üzülüb,
Mənim kimi havada süzməyi qu da bilmir.
Gecələrin ayağın gündüzə bağlayıram,
Ayın soyuq bağrını günəşlə dağlayıram,
Yüz dəfə yıxılsam da bir dəfə ağlamıram,
Deyirlər kədər nədir bəxtəvər, bu da bilmir.
Mən içimlə yanıram, özgələrsə çölümlə,
Gülləri sönük qalır qiyasında külümlə,
Ciling ağac oynayıb əylənirəm ölümlə,
Əzrail ha çalışır hələ ki, uda bilmir.
22.10. 2024
_______________________________________________
Teqlər: Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri