logo

seirler.info

Bilməm bu nazənin kimin istəkli yarıdır

    (Əliağa Vahid)
    
Bilməm bu nazənin kimin istəkli yarıdır?
Ya hansı bəxtiyar(ı)ların bəxtiyarıdır!

Açdıqca gül camalını, ellər fərəhlənir,
Guya gözəllik aləminin növbaharıdır.

Dünya bu nazənin mələyin həsrətin çəkir,
Xəlqin sevimli afəti, həm şəhriyarıdır.

Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik,
Çünki diyarımız bizim Odlar diyarıdır!

Bir vaxt səcdəgah idi atəşpərəslərə
Şəbi-Səba ki, mərkəzi dərya kənarıdır.

Qan etmə, saqi, bağrımızı, badə tez gətir,
Doldur qədəhləri, gecəmiz gecdi, yarıdır.

Hər kim deyirsə, sevmə bu rəna gözəlləri,
Bilmir ki, sevgi aləmi biixtiyar(ı)dır.

Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər:
Biçarə Vahidin bu qəzəl yadigarıdır.



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
bilməm bu nazənin kimin istəkli yarıdır , Əliağa Vahid bilməm bu nazənin, qəzəl, Eliaga Vahid, bilmem bu nazenin qezeli, Vahid qəzəllər, super qəzəllər, Vahidin qəzəlləri, sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər