seirler.info
Bir dostum var
(Rəşad Azəri)
Bir dostum var, dostlarımın içində:
Ürək sirrin ürəyimdə saxlayır.
Tənhalığa qaçıb onsuz qalanda
Məni məndən alır, mənlə bağlayır.
Bir dostum var, dostlarımın içində:
Danlayanda qayıtmayır üzümə.
Dünyaların qayğısına ağlayır,
İstəmir ki, çox yük düşə dizimə.
Bir dostum var, dostlarımın içində:
Ürəyində haqqın yanan közü var.
Nadanları haqq yoluna gətirən,
Sinəsində deyilməyən sözü var.
Bir dostum var, dostlarımın içində:
Torpağımın hər daşında adı var.
Anam vətən üçün keçər canından,
Şəhadətin bir ayrıca dadı var.
Bir dostum var, dostlarımın içində:
O tayında həsrəti var, dərdi var.
Qollarında məhkumluğun zənciri,
Köksü yanan igidi var, mərdi var.
Bir dostum var, dostlarımın içində:
Dünya gəzsəm, onunla heç yorulmaz.
Ruh oxşayan gözəlliyə baxsa da,
Mənsiz heç bir gözəlliyə vurulmaz.
Bir dostum var, dostlarımın içində:
O da şair, mən də şair, yazırıq.
İkimizin bir qələmi var, ancaq
Duyğuların dünyasında azırıq
_______________________________________________
Teqlər: Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri