logo

seirler.info

Bir ev var uzaqda

    (Elvin Elxanoğlu)
    
    Bir ev var uzaqda, bizim evimiz -
    Hər küncü-bucağı xatirə dolu.
    Bu dəfə keçmişə qayıtmışam mən,
    Əlimdə olmadan gözlərim dolur.
    
    O taxta qapıya yazığım gəlir,
    Yazıq gözləməkdən rəngi saralıb.
    Köhnə əlcəyinə sataşdı gözüm,
    Orda uşaqlığın əl izi qalıb.
    
    Az boylanmamışıq o pəncərədən,
    İllərdir gözləri yollarda qalıb.
    Hər gün silinərdi o pəncərələr,
    Bu günsə hörümçək gəlib tor salıb.
    
    Toz basıb otağın hər tərəfini,
    Çatlamış divarlar durub önümdə.
    Bu evdə gizlənpaç oynamağımız
    Gözümdə canlandı kövrək günümdə.
    
    Ağappaq pərdələr saralıb solub,
    Təzə alınmışdı on beş il öncə.
    Divardan asılan köhnə şəkillər
    Yaman sevinmişdi bizi görüncə.
    
    Soyuqdan əllərim üşüdü artıq,
    Soba da yanmır ki, bir az isinəm.
    İsti yuvamızdı bir vaxtlar bura,
    İndi nəfəsimi özüm görürəm.
    
    Yemək stolunun sınıb ayağı,
    Bu gün üzərində süfrəsi yoxdu.
    Hərənin öz yeri, stulu vardı,
    Stullar burdadı, oturan yoxdu.
    
    Qulağıma gəldi anamın səsi:
    “Yeməyi çəkirəm, süfrəyə gəlin”.
    Yarış keçirərdik süfrəyə qədər,
    Tez gəlib tutardı hərə öz yerin.
    
    Güldana sataşdı gözüm bir anda,
    İçində rəngarəng güllər olardı.
    Güldanın özü də köhnəlib artıq,
    Çətin o gülləri xatırlayardı.
    
    Nə qaz çəkilmişdi, nə işıq vardı,
    İşıqlar da vaxtla sönüb yanardı.
    Digital hamıda yox idi, filmə
    Qonşular yığılıb birgə baxardı.
    
    Bir zaman səs-küylü olardı bura,
    Bilməzdim, bu qədər səssiz olacaq.
    İnana bilmirəm, sanki bu saat
    Hərə bir tərəfdən çıxıb qaçacaq.
    
    Güzgünün önündə dayanan zaman
    Balaca əl izi dəydi gözümə.
    Görən hansımızın əl iziydi o?
    Baxıb sual verdim özüm-özümə.
    
    
    Güzgü də kədərlə baxırdı mənə,
    Sanki heç o məni tanımamışdı.
    İllərdi güzgünün önündə kimsə
    Durub saçlarını daramamışdı.
    
    Divardan asılan saata baxdım,
    Saatın əqrəbi çoxdan dayanıb.
    Bəlkə də biz evdən gedəndən sonra
    Saat da dayanıb o vaxtda qalıb.
    
    Evin hər otağı bir film kimi,
    Xatirə canlanır hər tərəfində.
    Uşaqlıq vaxtımı tanıyan evə
    Böyüyüb gəlmişəm günün birində.
    
    Bir ev var uzaqda, bizim evimiz -
    Bəlkə də bu evə mən indi yadam.
    Məni unutsa da xatirələrim,
    Mən hələ onları unutmamışam...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər