seirler.info
Bir gözəl əyləşib üzü qibləyə
(Asim Yadigar)
Bir gözəl əyləşib üzü qibləyə,
Qibləmi səhv salıb ona baxıram.
Qorxuram görənlər qınaya məni,
Gah ona, gah da ki, yana baxıram.
Gözələ Mədinəm, Məkkəm demişdi,
Sanmayın Vaqif də səhv eyləyibdi.
Gözələ Məkkəmdi deyən şairi
Allahın özü də əfv eyləyibdi.
Sanmayın qiblədən üz çevirmişəm,
Qibləyə baxanın heyranıyam mən.
Tanrım bağışlayar günahlarımı,
Qiblə heyranının qurbanıyam mən.
Bir gözəl əyləşib üzü qibləyə,
O, qibləyə baxır, mən ona bu gün.
Elə heyran-heyran baxıram ona
Dünya da yadımdan çıxıb büsbütün.
Harda gözəl durub - o yer qiblədir,
Şairlər qibləsin tez tapıbdılar.
Qiblə deyildirsə gözəllər, onda
Şairlər haradan söz tapıbdılar?
Ey böyük Yaradan, keç günahımdan,
Qiblə də sənindi, gözəl də sənin.
Səcdəyə durmuşam yaratdığına,
Özün de, günahı nədir bəndənin?
______________________________________________
Teqlər: Asim Yadigar şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri