logo

seirler.info

Bir, iki, üç kərə

    (Cəfər Cabbarlı)

    Söyləmişəm bu sözü məxluqa mən,
    Ay Baba can, bir, iki, üç kərə.
    Anlamayır da deməsən bir sözü,
    Allah, aman, bir, iki, üç kərə.
    
    Bəzisi var cəhlə tərəfdardır,
    Xoşlamayır elm, ədəb, sənəti,
    Zahiri mömin, başı səccadədə,
    Fikri şəriət, sözü din söhbəti.
    Batinə baxsan görəcəksən, paho,
    Boşlamayırlar yenə də bidəti.
    Sənəti bidət, belə zənn eləyir,
    Tanrı bununçun yaradıb cənnəti.
    Altmış il söylə nəsihət ona,
    Anlamaz əsla ki, yox heç qeyrəti.
    Dolduruban Molla Həmid beyninə
    Arpa, saman bir, iki, üç kərə.
    Söyləmişəm bu sözü məxluqa mən,
    Ay Baba can, bir, iki, üç kərə.
    
    Mollanümalər yetib on milyona,
    Günbəgün artır, daha da bollanır,
    Hər nə ki İranda xəkəndazçı var,
    Molla adıyla buraya yollanır.
    Milləti-biçarə qazandıqların
    Sərf eləyib mollaya, yoxsullanır.
    Günbəgün molla tuluq tək şişir,
    Pulları da cəm eləyir, pullanır,
    Mümkün isə cəhd eləyir salmağa
    Ortaya qan bir, iki, üç kərə.
    Söyləmişəm bu sözü məxluqa mən,
    Ay Baba can, bir, iki, üç kərə.
    
    Qoy bu itilgetləri tərif üçün
    Tirməyə döndərməyə öz kişlərin.
    Boş yerə qəflət deyə dad eyləyir,
    Vaxti-zərurətdə sıxar dişlərin.
    Ölsə həkim, ya da ki, bir advokat,
    Millət üçün tiz edəcək nişlərin.
    Üzv ola Cəmiyyəti-xeyriyyəyə,
    Manqala hər gün düzəcək şişlərin.
    Qoy bu itilget sözünü bir yana,
    İndi hələ anlamışam işlərin.
    Onları qoy vodka içib olmağa
    Gündə piyan bir, iki, üç kərə.
    Söyləmişəm bu sözü məxluqa mən,
    Ay Baba can, bir, iki, üç kərə.
    
    Qoy hələ, artisti qoyaq bir yana,
    Şərh eləyək pulluların halını.
    Çünki xəsis tək hamısı axtarır
    Tapmağa ölmüş ulağın nalını.
    Tərk edir imanını yüz min kərə,
    Bir qəpik artırmaq üçün malını.
    Millət üçün istəsələr bir qəpik,
    Bil ki yolar qırmızı saqqalını.
    Əkşi, yoruldum, mən ölüm, əl çəkin!
    Siz ki bilirsiz bu işin dalını.
    Pullu fəqirə nəzər etməz, əgər
    Versə də can bir, iki, üç kərə.
    Söyləmişəm bu sözü məxluqa mən,
    Ay Baba can, bir, iki, üç kərə.
    Anlamayır ta deməsəm bir sözü,
    Allah, aman, bir, iki, üç kərə.
  


    ______________________________________________
    Teqlər:  Cəfər Cabbarlı şeirləri , 
    Cəfər Cabbarlı bir iki üç şeiri, şeirlər, şeir,
    Cəfər Cabbarlı qezelleri, qəzəl, qezel, qezeller,
    cefer cabbarli bir iki uc seiri, seirler
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər