seirler.info
Biri vardı,biri yoxdu
(Elvin Elxanoğlu)
Biri vardı, biri yoxdu…
Uşaqlıqdan öyrəşirik
Bir şeylərin yoxluğuna -
Nələrinsə azlığına,
Nələrinsə çoxluğuna…
Kimisinin pulu yoxdu,
Bir qarın ac, bir qarın tox.
Kimisinin pulu çoxdu,
Xəstə yatır yatağında -
Var-dövlətin qabağında
Zavallının çarəsi yox...
Uşaqlıqdan başlayırıq
Nələrisə itirməyə.
Sonra həyat budu deyib
Başlayırıq özümüzdən
Bəhanələr gətirməyə...
Kiminin var anası,
Dəyərini bilmir onun.
Kimi də göz yaşı tökür,
Sarılacaq anası yox,
Dərdlərinə yanası yox.
Kiminin də anası var,
Evlənəcək yaşa gəlib,
İstəməyə atası yox...
Ailələr var,
Bir balası olsun deyə
Gecə-gündüz dua edir.
Analar var, bala üçün
Öz şirin canından keçir...
Eləsi var, körpəsini
Kimsəsizlər evinə atır,
Çox böyük günaha batır.
Səbəb nədi?
Hamı oğlan gözlüyümüş,
Uşaq gəlib qız olubdu.
Bu da evdə söz olubdu,
Nə deyəsən beləsinə?
Bəzən də tam tərsi olur,
Övlad atır anasını, atasını.
Lənət olsun eləsinə...
Dünyalara dəyişmərəm
Mən atamın, mən anamın
Saçının bir tək telini.
Öpün ata-ananızın
Cənnət qoxulu əlini.
Əgər sağsa,
Əgər onun əllərindən
Öpmək mümkün olacaqsa...
Sevgilər var, hamı sevir,
Qovuşurmu gəlin görək?
Birisi vəfasız çıxır,
Birisini alır fələk.
Biri vardı, biri yoxdu...
Uşaqlıqdan öyrəşirik
Bir şeylərin yoxluğuna.
Dünya özü bir nağıldı,
Hər kəs nağıl qəhrəmanı -
Bəzən işıqlı dünya,
Bəzən də qaranlıq olur.
Nağıl var ki, şirin yuxu,
Nağıl var, qorxuludu.
Bir nağlın başlanğıcı
Digərinin sonu olur...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri