seirler.info
Bir qıza...
(Nüsrət Kəsəmənli)
Bu gün də yolumdan saxladın məni,
Yenə də eyhamlar işini gördü.
Az qaldı ürəyim yara sinəmi,
Qəzəb qanadını üstümə sərdi.
Bir kədər dumanı məni bürüdü,
Yığdı gözlərimə nifrəti, kini.
Üstündə hər cürə daş-qaş var idi,
Zərgər dükanının vitrini kimi.
Itərəm gözündən mən ilim-ilim,
Atandan danışma, heç yeri deyil.
Atan kabinetdə nazirdir, gülüm,
Mənim ürəyimin naziri deyil!
Saxta şöhrətlərə düşmənəm, yadam,
Simu-zər görürəm qayəndə sənin.
Bir də həqiqəti bil ki, mən adam
Olmaq istəmirəm sayəndə sənin...
Dünyanı görmüşəm elə bir donda,
Demirəm sevincdən dərd böyük olub.
Sənin ciblərinə pul yük olanda
Mənim ciblərimə əlim yük olub!...
Yox, yox! Varlı olmaq eyib deyil ki,
Bilirəm, pulunuz hesaba gəlməz.
Səni istəyimlə sevməsəm bil ki,
Atan əmr edib sevdirə bilməz.
Ayrılaq, unudaq kədəri, yası,
Könlüm dediyini söyləyir dilim.
Səni nazirliyin qara "Volqa" sı,
Mənisə ehtiyac gözləyir, gülüm.
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli, seirler,
Nusret Kesemenli seirleri,
bir qıza, bir qiza,
gözəl şeir bir qıza,
Nüsrət Kəsəmənli bir qıza,
ayrılıq şeirləri, şeir,
sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri