logo

seirler.info

Boş beşiyin laylası

    (Nüsrət Kəsəmənli)
    
    Müharibə illərində övladını
    itirən, sonra bütün uşaq evlərini
    gəzən, bala tapmaq ümidini itirməyən, 
    boş beşiklərə layla deyən
    analara ithaf edirəm.


    ... — Qatar gəlir! — dedilər.
    Bu xəbər
    çalxaladı izdihamı;
    Vaqonlara sarı
    Yüyürdü hamı...
    Qocalar qapılardan girdi vaqonlara,
    Cavanlar qapılardan, pəncərələrdən;
    Qarışıq səslər içində
    Ayaqlar üzülmüşdü yerdən..
    Ananın əlləri üzüldü körpəsindən,
    Dəli bir axar
    vaqona apardı onu.
    Havada yellənirdi
    bala axtaran qolu.
    Anasını gəzirdi
    çılğın bir uşaq səsi,
    — Ana!!!
    — Ana!!! — deməkdən
    qaralmışdı nəfəsi...
    * * *
    Bir-birini tapmadı,
    əlləri havada qaldı,
    Analar ehtiyacda,
    körpələr vağzallarda,
    ərlər davada qaldı.
    Anaları əritdi
    ər dərdi,
    bala dərdi.
    Gül əkdi ki, gül dərsin,
    Gül əkdi
    bəla dərdi.
    Bircəm, hayanım, bala,
    Oduna yanım, bala.
    Dərd üstünə dərd gəlir,
    Necə dayanım, bala?
    Kimə tuş oldun, bala?
    Qəmə qoşuldum, bala.
    Ürəyim boş yuvadı,
    Köçən quş oldun, bala.
    Dağlar çəni soraqlar,
    Sünbül dəni soraqlar.
    Sən layla həsrətində,
    Laylam səni soraqlar...
    Boş beşiyin üstündən
    sürüşüb düşdü layla,
    Göz yaşına qovuşub
    qəmlə görüşdü layla.
    Beşikdən körpə gözü
    zillənməmişdi ona,
    Laylanı belə qəmli
    oxumamışdı ana...
    Gecələr sübhə kimi
    ulduz saydı, yatmadı,
    Üz tutub boş beşiyə
    nağıl qoydu, yatmadı.
    Ümid dolu nağıllar
    bəxtini oyatmadı;
    Beşik boş idi yenə...
    vağzallara baş vurub
    hər ötəndən soruşdu.
    Dilində ―"bala" sözü
    kirpikləri qovuşdu,
    ―"Yuxu haramdır!" deyib
    yuxusuyla vuruşdu;
    Beşik boş idi yenə...
    tapdığı hər tikədən
    payını saxlayırdı,
    Gecə durub min kərə
    beşiyi yoxlayırdı.
    ―"Balamın ətri..." deyib
    yorğanı qoxlayırdı
    Beşik boş idi yenə...
    Laylası nalə çəkib
    laylası ağlayırdı,
    Laylası gecə-gündüz
    bala soraqlayırdı.
    İçində bir təlatüm
    hıçqırıb çağlayırdı,
    Beşik boş idi yenə.
    Günlər ötüb keçirdi,
    illəri gətirirdi.
    Ananın saçına ağ
    telləri gətirirdi.
    Nələri aparırdı,
    nələri gətirirdi,
    Beşik boş idi yenə...
    * * *
    — Balam üşüyür... Dedi:
    Çöldə şaxta olanda,
    Boş beşiyin üstünə
    Yorğan salırdı ana.
    Göy üzü tutulanda,
    Buludlar qaralanda
    — Balam yağışa düşüb, —
    Deyib dolurdu ana.
    Yer tapmırdı özünə
    nə evdə, nə eşikdə,
    O bir son bahar kimi
    solurdu, saralırdı.
    İllər keçir,
    övlad yox;
    sükut yatdı beşikdə,
    Bu sükutun içində
    nəfəsi qaralırdı.
* * *
Bir gün xəbər eşitdi,
Bakıda ―"Uşaq evi"
deyilən bir bina var.
Anasını gözləyir
yetim yesir uşaqlar...
Bakıya gəldi ana,
―"Uşaq evi"ni tapdı.
Neçə körpə gözündə
ümid çırağı yandı.
Məlum baxışlar görüb
ana ürəyi qopdu,
Hər uşağın önündə
susun xeyli dayandı.
Bu körpə balaların
nisgili, dərdi birdi,
Solğun çöhrələrindən
intizar boylanırdı.
Uşaqların hamısı
oğluna bənzəyirdi,
Hamısının gözündə
ümid alovlanırdı.
— Bəlkə layla çalım mən,
balamın laylasını,
Yadından çıxmaz onun,
özü də oxuyurdu.
Laylasından tanıyar
bala öz anasını.
O, tək mənim laylamla
yatırdı, uyuyurdu...
―Layla beşiyim layla,
Evim-eşiyim layla.
Sən yat şirin yuxu gör,
Çəkim keşiyin layla.
layla dedim ucadan,
Səsim çıxdı bacadan,
Allah səni saxlasın
Çiçəkdən, qızılcadan.
Layla dedim yatasan,
Qızılgülə batasan,
Qızılgülün içində
Şirin yuxu tapasan‖...
Laylası nalə çəkib,
Laylası ağlayırdı.
laylası ümid ilə
bala soraqlayırdı:
―"Layla balam, a laylay..."
Birdən sanki quş kimi
qanad açdı uşaqlar,
―"A-N-A!!!" — deyib üstünə
qaçdı bütün uşaqlar!..


____________________________________________
Teqlər:  Nüsrət Kəsəmənli şeirləri , 
  Nusret Kesemenli, seirler,
  Nusret Kesemenli seirleri,
  boş beşiyin laylası, şeir,
  bos besiyin laylasi, super şeir
  Nüsrət Kəsəmənli boş beşiyin laylası 
  
    
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər