logo

seirler.info

Bu qadın sevgisiz necə yaşayır

(Asim Yadigar)

Elə bil ölübdü qadınlıq hissi,
Bir cansız bədəndir yeriyir elə.
Min yol dil tökürəm, yalvarıram mən,
Susur, qara daştək kiriyir elə,
Bu qadın sevgisiz neçə yaşayır?

Elə bil zəmanə adamı deyil,
Bir kəsə, kimsəyə yovuşmur niyə?
Nədir bu dünyada arzun, istəyin?-
Heç kəs bu qadından soruşmur niyə.
Bu qadın sevgisiz necə yaşayır?

Bilmirəm, köksündə ürəyi varmı,
Ya bir daş gəzdirir ürək yerinə?
Min bir söz deyirsən, bu qulağından
Alır, o birindən ötürür yenə,
Bu qadın sevgisiz necə yaşayır?

Üsyan eyləyirəm bu yerə, göyə,
Səsim nə yaxına, uzağa çatır.
Mənim bu gözələ bir sözüm yox ki,
Sadəcə ərkim bir qınağa çatır,
Bu qadın sevgisiz necə yaşayır?

Dərdini bir dağa, bir daşa söylə,
Bəlkə dağ da, daş da mum ola bildi.
Od düşdü daşların soyuq qəlbinə,
Bəlkə daşlar belə qum ola bildi,
Bu qadın sevgisiz necə yaşayır?

Tanrım, bu qadını sən yaratmısan?
Bəs niyə köksündə ürəyi yoxdu.
Yoxsa daş qoymusan ürək yerinə,
Niyə bir arzusu, diləyi yoxdu,
Bu qadın sevgisiz necə yaşayır?


 ______________________________________________
Teqlər: Asim Yadigar şeirləri

  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər