logo

seirler.info

Yar vəslinin xəyalına dalmaq çətin gəlir


    Yar vəslinin xəyalına dalmaq çətin gəlir,
    Can-başla o xəzinəni almaq çətin gəlir.
    
    Əlçatmaz oldu bunca ömürdən uzun saçı,
    Eşqində intizarla qocalmaq çətin gəlir.
    
    Şam tək işıq saçıb mənə yol göstərir üzün,
    Zülmət saçında yad kimi qalmaq çətin gəlir.
    
    Naz ilə göydə cilvələnən əyri bel Ayı,
    Cananla bir siyahiyə salmaq çətin gəlir.
    
    Mən həqq görən, həqiqətə divanə aşiqəm,
    Bir başqa dilbəri gözə almaq çətin gəlir.
    
    Sufi yarın dodağına saldı tamah, aman!
    Şahdan piyaləni, meyi çalmaq çətin gəlir.
    
    Sil paslı qəlbini görəsən dilbərin üzün,
    Kir-pasla yar cəmalını bulmaq çətin gəlir.
    
    Meylin çəkirsə incini, dəryayə dalmalı,
    Sahildə dincəlib də bunalmaq çətin gəlir.
    
    Baxdı Nəsimi yar üzünə gördü Haqq üzün,
    Haqqı dananla baş-başa qalmaq çətin gəlir.
  
  
  
    _________________________________________
    Teqlər:  Imadəddin Nəsimi qəzəlləri , 
    İmadəddin Nəsimi gəlir qəzəli, qəzəllər , 
    İmadeddin Nesimi qezelleri, qəzəl, qezel,
    gəlir qəzəli, nəsimi gelir qəzəli
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər