seirler.info
Cananın cilvəsi
Camalın etə bir şam alışdırdı, sevgilim,
Elə şam ki, əzəldən pərvanən idi sənin.
Ağlımın pərdəsini parçaladı məhəbbət,
Ağlım çıxdı başımdan, divanən idi sənin.
Fələyin kuzəsinin aytək piyaləsi var,
Əlində saxladığı peymanən idi sənin.
Müdrik qoca qoruyur cavanları şərabdan,
Özünün məskənisə meyxanən idi sənin.
Göyün doqquz süfrəsi yenə aşıb-daşırdı,
Göz dikdiyi, gəzdiyi ənbanən idi sənin.
Dünən gecə yatmayıb, sübhü gözümlə açdım,
Quşların cəhcəhində əfsanən idi sənin.
Bubbu quşu o bağda səndən söhbət açırdı,
Vəsf etdiyi o zülfün, o şanən idi sənin.
Gözlərinin xumarı pozdu xumarlığımı,
Xumarlığın nəğməsi təranən idi sənin.
Səndən başqa hamıya biganədir ürəyim,
Fəqət bu vurğun ürək biganən idi sənin.
Sübhə kimi uzandı Şəhriyarın naləsi,
Başqa bir ağların yox, yeganən idi sənin.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri