logo

seirler.info

Deyəsən mən sənə aşiq olmuşam

    (Elvin Elxanoğlu)
    
    Yaman qəribədi bugün hisslərim,
Niyə qırıq-qırıq çıxır sözlərim?
Yayın ortasıdı, titrəyir əlim,
İndiyəcən heç belə olmamışam.
Deyəsən, mən sənə aşiq olmuşam…

Sənin gözlərinə baxa bilmirəm,
İçimdə rahatlıq tapa bilmirəm.
Sanki tilsimdəyəm, çıxa bilmirəm,
Getmir ayaqlarım, sanki donmuşam.
Deyəsən, mən sənə aşiq olmuşam…

Ürəyim sinəmdən çıxacaq sanki,
Qəlbim qanadlanıb uçacaq sanki.
Torpaq ayağımdan qaçacaq sanki,
Ayaq üstdə güc-bəla dayanmışam.
Deyəsən, mən sənə aşiq olmuşam…

İstilik bürüyüb hər tərəfimi,
Deyə də bilmirəm fikirlərimi.
Bir dəqiqə gözlə, silim tərimi,
Elə bil yanar oda atılmışam.
Deyəsən, mən sənə aşiq olmuşam…

Baxdığım hər yerdə görürəm səni,
Sanki öz yanımda bilirəm səni.
Bəlkə vurulmuşam, sevirəm səni,
Bəlkə eşq odunda mən yaxılmışam.
Deyəsən, mən sənə aşiq olmuşam…

Gözəlliyin dünyalara bədəldi,
Baxışın qəlbimi ox kimi dəldi.
Məcnuna gülmüşdüm, başıma gəldi,
Sanki sən mən, mən dönüb sən olmuşam.
Deyəsən, mən sənə aşiq olmuşam…
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər