seirler.info
Əlvida
(Elvin Elxanoğlu)
Gedirəm uzağa, biləsən, gülüm,
Daha əlin mənə çatmayacaqdır.
Seyrinə daldığım o gözlərinə
Gözlərim bir daha baxmayacaqdır.
Daha əllərindən tutmayacağam,
Üşüsən, əlinə əlcək taxarsan.
Nə vaxtsa yadına düşüb eləsəm,
Artıq xəyallardan mənə baxarsan.
Bu sevgi yaşanmış bir yuxu oldu,
Qəfildən ayılıb boşluğa düşdük.
Yuxumuz bu dəfə şərə yozuldu,
Sevgi çiçəyiydik, borana düşdük.
Son dəfə ilk görüş yerinə gəlib
Sənlə sənsizliyi qarşılayıram.
Birlikdə çəkilən son şəklimizi
Gözünün önündə cırıb atıram.
Məni heç düşünmə, yaxşı qalacam
Elə sənin yaxşı qaldığın kimi.
Əmin ol, sənsiz də xoşbəxt olacam,
Sənin mənsiz xoşbəxt olduğun kimi.
Əlvida, dünyamın sönən günəşi,
Ömür körpüsündən qoşa keçmədik.
Bəlkə də nə vaxtsa qarşılaşarıq,
Bəlkə də bir daha heç görüşmədik.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri