seirler.info
Eşq hekayəsi
(Elvin Elxanoğlu)
Yenə yağış yağır... Yadıma düşür:
Yağışlı bir gündə görmüşdüm səni.
Yaman islanmışdıq hər ikimiz də,
Yata bilməmişdim həmin gecəni.
Saat bir olardı, ya da ki iki...
Bağışla, unutdum, on beş il keçib.
Bitməz dediyimiz o məhəbbətin
Nəinki alovu, külü də bitib.
Qırmızı bir oyma geymişdin o gün,
Əlində kitablar... Çox tələsirdin.
Tamam islanmışdın yağışın altda
Deyəsən, məktəbdən evə gedirdin.
Üşüyürdüm… Evə tez çatım deyə,
Uca pillələri cüt-cüt çıxırdım.
Yanından ötəndə qoluna dəyib
Az qala, ordaca səni yıxırdım.
Cəld bir hərəkətlə tutdum qolundan,
Baxışlar havada toqquşdu o an.
Utana-utana bağışla dedim,
Bir anlıq özümü itirdim, inan.
Bilmirəm, qorxmuşdun, yoxsa soyuqdan,
Qolundan tutanda əsirdin tir-tir.
Sən demə, böyük bir eşq hekayəsin
Yazırdıq bilmədən biz sətir-sətir...
Heç bir söz demədin... Yalnızca baxdın,
Məni ovsunladın o gözlərinlə.
Kaş heç buraxmazdım o zaman səni,
Səni mən buraxdım öz əllərimlə.
İslaq yanaqların, islaq saçların...
Həmin gün gözümdən getmədin bir an.
Baxdığım hər yerdə səni görürdüm,
Vurulmuşdum sənə bircə baxışdan.
Gecəni yatmadım, yata bilmədim,
Sənin xəyalınla səhəri açdım.
Səni görmək üçün həmin saatda
Yenə ilk gördüyüm o yerə qaçdım.
İnana bilmirdim özüm-özümə,
Niyə etdiyimi özüm bilmirdim.
Bir ümid... Yenə də gələrsən deyə
Həsrətlə yolunu mən gözləyirdim.
Ay Allah, bu gələn odu, deyəsən,
Sanki günəş yerə enibdi göydən.
Ürəyim çırpınır, həyəcanlıyam,
Şükür, görə bildim səni yenidən...
Sən də tanımışdın, deyəsən, məni,
Təbəssüm edərək keçdin yanımdan.
İlahi bu nədi, bu necə hissdi?
Ruhum çıxacaqdı sanki canımdan.
Bu nə gözəllikdi, bu nə yerişdi...
Yerişin ağlımı başımdan aldı.
Özün də bilmədən bircə baxışla
Gözlərin qəlbimi tilsimə saldı.
Bir an da çəkmirdim gözümü səndən,
Əsirin olmuşdum, bilmirəm niyə.
Getdin, xeyli getdin... Sonra əyləşdin
Uzaqda gözləyən sarı taksiyə.
Belə davam etdi günlər, həftələr...
Hər gün sənin üçün yol gözləyirdim.
Səni həmin günlər görmürdüm deyə
Həftə sonlarına nifrət edirdim.
Bir gün toplayaraq cəsarətimi
Sevgimi etiraf etmişdim sənə.
Xatırlayırsanmı sən nə demişdin?
Məni tanımaqçün vaxt istəmişdin...
Zamanla tanıdıq bir-birimizi,
Beləcə başladı nakam sevgimiz.
Ayrılıq barədə düşünmürdük heç,
Gələcək qururduq... Yalnız ikimiz.
Mən getdim xidmətə, sən təhsil aldın,
Bəs peyman kəsmişdik?.. Gözləyəkdin!
Söz vermişdin axı – Dünya dağılsa,
Məndən başqasına getməyəcəkdin...
Heç bir ay keçməmiş gəldi xəbərin,
Özgə birisinə nişanlanmısan.
Bilmirəm bəlkə də qarşı çıxıbsan,
Bəlkə də sən buna məcbur qalmısan.
Bilmirəm nə olub, nə idi səbəb,
Niyə sən əhdinə sadiq qalmadın?
Evləndin... Üstündən on beş il keçib,
Heç bircə gün belə xoşbəxt olmadın.
Bu bir taledimi, yoxsa təsadüf?
Artıq illər keçib uzaqlaşmışıq.
On beş ildən sonra həmin küçədə
Həminki pillədə qarşılaşmışıq...
Bu dəfə vəziyyət tamam başqadı,
Gözlərin ətrafa kədər, qəm saçır.
Sənin o illər ki gözəlliyini
Əlindən tutduğun qızın yaşadır!
Bu dəfə vəziyyət tamam başqadı,
Mən başqa biriyəm, səndə özgəsi.
Bizim sevgimizdən xatirə qaldı
Yazdığım bu acı eşq hekayəsi...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri