logo

seirler.info

Etiraf

    (Nüsrət Kəsəmənli)
    
    Fikirli gəlirəm,
    Dalğın gəlirəm,
    Qayğılı gözlərin çəkir şəklimi.
    Bəzən gec gəlirəm,
    yorğun gəlirəm
    Bitirsən qapıda bənövşə kimi.

    Bəlkə min suçumu bilmisən mənim,
    Birini üzümə vurmamısan heç.
    Eyhamla üzümə gülmüsən mənim,
    Bircə yol üzümə durmamısan heç.

    Hər kəs taleyilə gəlir həyata,
    Demirəm,ürəyi yumşaq olmuşam.
    Dəcəl balalara mülayim ata,
    Səninçün ən dəcəl uşaq olmuşam.

    Sənsən dağlar kimi səbrlə dözən,
    Bəlkə tərəddüdlə çox döyüşmüsən.
    İsti bir sevgidən yazmışam bəzən,
    Soyumuş çayımı sən dəyişdirmisən.

    Üzümdə kədərdən bir iz görəndə
    Şirinim olmusan,
    Acım olmusan.
    Qohumdan,tanışdan pis üz görəndə
    Sən anam olmusan,
    Bacım olmusan.

    Bir kövrək şerimdən gözlərin dolub,
    Düyünlü qaşını görməmişəm mən..
    Bir əlin mətbəxdə
    qabda-qaşıqda,
    Bir gözün istidə ,tüstüdə olub,
    Bir əlin beşikdə
    oğul-uşaqda,
    Bir gözün həmişə üstümdə olub.

    Yollar çarpaz-çarpaz,
    Yollar qarışıq...
    Gecə yol gəlirəm qulağı səsdə.
    Bizim pəncərədən süzülən işıq-
    Gözünün nurudur yolumun üstə.

    Fikirli gəlirəm,
    Dalğın gəlirəm,
    Qayğılı gözlərin çəkir şəklimi.
    Bəzən gec gəlirəm,
    yorğun gəlirəm
    Bitirsən qapıda bənövşə kimi...

    Qapini döymüşəm gecəyarısı,
    Saçımda bir əlin təması gəlib.
    İsti dodagımda bir öpüş izi,
    Əlimdə bir saçın xınası gəlib.

    Yuxulu gözündə qızartı görüb,
    Qızara-qızara yalan demişəm.
    Şübhənin bəhanə payını verib,
    Hələ yatmayıb ki,balam ,demişəm.

    Tez -tez oymayıram mən bu oyunu,
    Neçə yad sifəti görüb gəlirəm.
    Sənin bir ömürlük sevgi payının
    Yarısın özgəyə verib gəlirəm.

    Bu elə duyğu ki,
    Bu elə qəm ki,
    Min olsa yenə də əzməzdi səni.
    Bəzən elasinə dəyişmişəm ki,
    Bəlkə dırnağına dəyməzdi sənin.

    Pəncərə dalından yollara baxıb,
    Yuxusuz gözünlə vaxtı sayırsan.
    Körpə balaları köksünə sıxıb
    Mürgülü-mürgülü gülümsəyirsən.

    Nağıl danışırsan " Min bir gecə"dən,
    Nağılın qorxulu,
    sehrli,qəmgin...
    Mən isə sallanıb gecədən
    Bir quyu dibinə enirəm hər gün.

    Bilmirəm mələksən,ALLAHsan,nəsən?
    Mənə bağışladın neçə günahı.
    Belə mehribanlıq eylədikcə sən
    Özüm öz gözümdən düşürəm axı..
    
  
  
    _____________________________________
    Teqlər:  Nüsrət Kəsəmənli şeirləri , 
    Nusret Kesemenli, seirler,
    Nusret Kesemenli seirleri,
    etiraf şeiri, etiraf seiri,
    Nüsrət Kəsəmənli etiraf, 
    ayrılıq şeirləri, şeir,
    sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər