logo

seirler.info

Gedibdi

    (Aşıq Ələsgər)

    Eşidin, məclisdə arif olanlar,
    Sərrafam, gövhərim, kanım gedibdi.
    Ah çəkibən yar yoluna baxmaqdan,
    Yəqin bilin, yarı canım gedibdi.
    
    Nazik barmaqlıdı, şümşad əllidi,
    Ayna qabaqlıdı, siyah tellidi,
    Şəkər söhbətlidi, şirin dillidi,
    Tuti kimi xoş zəbanım gedibdi.
    
    Müddətdi, gözümdən olubdu iraq,
    Əridib cismimi dərdü qəm, fəraq.
    Büllur buxaq, lalə yanaq, ay qabaq,
    Ala gözlü Səhnəbanım gedibdi.
    
    İş sana ağahdı, qadir Ilahi!
    Eşq əlindən itirmişəm irahı.
    Ələsgərəm, budu sözün kütahı:
    Yar gedəli din-imanım gedibdi.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər