logo

seirler.info

Gələcəyəm

    (Nüsrət Kəsəmənli)
    
    Təki vədələşək,
ay ömrüm-günüm,
Sabaha bu qədər bədgüman olma.
Qətrə ol,
yaxın ol, bəssən mənimçün
Uzaqda görünən boz duman olma.
Dayanaq üz-üzə iki sahiltək,
Məhəbbət arada bir ümman olsun.
Baxım gözlərinə gülümsəyərək,
Səni qoy vüsalım əlimdən alsın.
Təsadüf aranı kəssə,
yenə də
Dərdimi səninlə böləcəyəm mən,
Hissimi, duyğumu bir məktub edib
Sənin göruşünə gələcəyəm mən.
Yenə sərhədlərdə güllə atılıb,
Əsəblər bir tarım sim olub indi.
Yenə yuxulara qorxu qatılıb,
Təki dinclik olsun...
olmasa, işdi -
Bizi ağuşuna ayrılıq alsa,
Araya sərhədlər düşəsi olsa,
Bir həsrət bürüsə göyü, yeri də
Qorxma...
məhəbbətim elə odludur,
Əridər tikanlı məftilləri də.
Vətənçün,
Səninçün oda da düşsəm
Yox, yox ağlamaram,
gələcəyəm mən.
Əlimdə bir dəstə zəfər çələngi
Sənin görüşünə gələcəyəm mən.
Ömrümüz həyatın qolları üstə
Bəzən oyaq olur,
Bəzən mürgülü.
Bizim hicranımız anlar bükülü,
Düşmüşük məhəbbət yolları üstə.
Durmuşuq biz iki yol ayrıcında
Birində vüsaldır,
Birində həsrət...
Sən ver əllərini bir dəstə gültək
Götürüb dünyanı gəzəcəyəm mən,
Vədə ver, vədə ver sabalı görüşək.
İşıqlar söndümü,
Gecə keçdimi
Çıxıb qaranlıqdan bir günəş kimi
Sənin görüşünə gələcəyəm mən.



_____________________________________
Teqlər:  Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli, seirler, 
Nusret Kesemenli seirleri,
gələcəyəm mən şeiri, şeir,
geleceyem men, ayrılıq şeirləri,
sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər