logo

seirler.info

Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın


    Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!
    Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!
    
    Əzmi-bağ eyləmiş ol sərvi-rəvan, ey güllər,
    Zər nisar edə görün, cümlə yığılın, dərilin.
    
    Götürün oxların, ey didələrim, topraqdan,
    Bu yarar nəsnələrin qədrini yaxşicə bilin.
    
    Eyləmin, ey dilü can, xəncəri-müjganinə meyl,
    Bilirəm nolisər axir, gəlin ondan kəsilin.
    
    Göz yaşi tiğiniz içün tökülür, ey xublar,
    Sizi ta etməyə rüsva, görünən dəmdə silin!
    
    Düşdü od canimə, ey təndə olan peykanlar!
    Qızmadan mərəkə bir yanə ərimin, çəkilin!
    
    Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni
    Vəqtdir çıxmağa dünya qapısından, əyilin. 
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Azərbaycan klassik ədəbi irsinin bu nümunəsi orijinal mənbələr əsasında rəqəmsal arxivə daxil edilmişdir. Qəzəl janrının ənənələrinə sadiq qalaraq yazılmış bu əsər, şairin yaradıcılığının əsas hissələrindən biri hesab olunur. Məqsədimiz bu cür ədəbi inciləri qoruyub saxlamaq və gələcək nəsillərə orijinal üslubunda çatdırmaqdır. Əsər orta əsrlər poeziyamızın dil və məna xüsusiyyətlərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

#Şairlər #PoeziyaArxivi #Şeirlər