seirler.info
Gəlir
(Aytəkin Səfərəliyeva)
Sıxma ürəyini dünya belədir
Ağladıb güldürmək xoşuna gəlir.
Bəzən ayrılıqlar elə olur ki,
Ömrünün ən gözəl yaşına gəlir.
Həsrət istəmərsən, qəm istəmərsən
Ağrılı, acılı dəm istəmərsən.
Bir gündə gözündə nəm istəmərsən
Nəyi istəmirsən başına gəlir.
Sevinc fərq edilməz kədər olmasa,
Ömür qiymətlənməz hədər olmasa,
Günahkar kim olar qədər olmasa?
İnsan taleyinin tuşuna gəlir.
İnsan itirəndə ağzının dadın
Zərbəsin görəndə doğmanın, yadın
Hərdən söndürməyə qəlbinin odun
Əlac gözlərinin yaşına gəlir.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri