logo

seirler.info

Gəncəli qızı

    (Nəriman Həsənzadə)

    Gəncə mənim ilk məhəbbət beşiyim oldu,
    Soruşmayın  tələbə qız onda kim oldu,
    Bəlkə mənim alın yazım, taleyim oldu.
    O qızlara dediyini mənə demirdi,
    Can verirdim, canıyanmış can istəmirdi.
    
    Gəncənin adını ötəri çəkmə,
    Eşidib inciyər o pəri, çəkmə.
    O mənim olmadı,
                            mən onunkuyam.
    Allahım, ayrılıq çəpəri çəkmə.
    
    Sökdülər, tikdilər bütün şəhəri,
    İtdi o gözəlin ayaq izləri.
    Silindi mənim də xatirələrim,
    Bu hansı küçədir,
                            yoxdu xəbərim.
    Bəlkə unutmayıb xan çinar məni,
    Dursam kölgəsində, tanıyar məni.
    
    Kəhrizə gedən yol, tanışdır, desin,
    Susub Gəncə çayı, danışdır, desin,
    Tikilən Gəncədi, sökülən mənəm.
    Nə Gəncə Gəncədi, nə o mən mənəm.
    Şəhər başçısının insafı yoxdu,
    Mən gedib döydüyüm o qapı yoxdu.
  
  
  
    ______________________________________________
    Teqlər: Nəriman Həsənzadə şeirləri, 
    Nəriman Həsənzadə Gəncəli qızı şeiri, 
    şeir, seirler, sevgi seiri, şeirlər, 
    Gəncə mənim ilk məhəbbət beşiyim oldu,
    genceli qizi seiri neriman hesenzade