seirler.info
Görə
(Aytəkin Səfərəliyeva)
İndi nə var axı ölüb getməyə
Yaşamaq bahadı-ölümə görə.
İndi insan olmaq çətin peşədi
Mərhəmət bahadı- zülümə görə.
Bülbül oxumaz ki, gül solan yerdə
Ürək əsir olar, dərd dolan yerdə
Qış vaxtsız düşübdü mən olan yerdə
Vədəsiz ağaran telimə görə.
Dərdimin üstünü ziba eylədim ,
Qəlbini özümə yuva eylədim,
Mən bütün ömrümü həba eylədim,
Ayıma, günümə, ilimə görə.
Şəklimi aparıb daşa çəkdilər,
İçib xoşbəxtliyi başa çəkdilər,
Adımı Kərəmlə qoşa çəkdilər,
Göylərə sovrulan külümə görə.
Ürək qan qussa da dərdini dandı,
Bəxtimə od düşdü bir üzü yandı,
Çoxları baxaraq bəxtəvər sandı,
Toy bayram eyləyən çölümə görə.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri