seirler.info
Gülə-gülə ağlayan gözəl
(Nüsrət Kəsəmənli)
Ömründən kim keçdi belə,
Gülünü kim biçdi belə,
Doldurub qəm badəsinə,
Acı-acı göz yaşını
Kef üçün kim içdi belə,
-Gülə-gülə ağlayan gözəl?
Hər çeşiddə qəm bilirsən,
Qəmin neçə üzü varsa,
Hamısını son bilirsən.
Sevincinəmi ağlayıb,
Kədərinəmi gülürsən
Gülə-gülə ağlayan gözəl?
Ötən günlər geri dönməz,
Nə harayla, nə də çağır.
Gülüşün qu tükü kimi,
Kədərin dağlardan ağır.
Güləmi şeh düşüb, yoxsa
Gün çıxıb, yağışmı yağır,
Gülə-gülə ağlayan gözəl?
Qəmlər əyən qışın altda
Mavi-mavi dəniz ağlar,
Axı, nə gördün həyatda
Sevincində kədər çağlar;
Gülüşü sevən tapılar,
Kədərə kim könül bağlar?
Gülə-gülə ağlayan gözəl...
Ürəyini alma kimi
Budaqdan dərib, yedilər.
Ümidini süfrə kimi
Kölgənə sərib yedilər,
Nə "salamat qal" dedilər,
Nə "biznən gedək" dedilər,
Gülə-gülə ağlayan gözəl...
_____________________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nüsrət Kəsəmənli gülə gülə ağlayan gözəl,
Nusret Kesemenli, seirler,
Nusret Kesemenli seirleri,
gülə-gülə ağlayan gözəl,
gule-gule aglayan gozel,
ayrılıq şeirləri, şeir,
sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri