seirler.info
Hələ bu dünyayla işim var mənim
(Nüsrət Kəsəmənli)
Hələ bu dünyayla işim var mənim,
Bu dünya qarışıq yuxular görür,
Hələ bu dünyanın qapılarından
Yaxşıya qarışıb yaman da girir.,.
Hələ gecələrin səksəkəsi var;
Təzadlı dünyanın müxtəlif qütblü,
Mənfili, müsbətli fəlsəfəsi var.
Hökmlər zamanın,
Arzular mənim,
Hələ bu dünyayla işim var mənim…
Görən hansı fürsət çıxdı əlimdən,
Taleyim bəs hansı qısmətə tuşdu?!
Tarixin saralmış vərəqlərindən
Kimlər ad qazandı,
Hansı ad uçdu?!
Könül, bir nəğmə de,
Bayatı çağır,
Dünyanın ovcuna insanlar yağır,
Dünyanın əlləri yenə də boşdu.
Hələ boş yerlər var ürəyimizdə,
Hələ ana haqqı kürəyimizdə;
Qəlbimiz qayğılar qoruna düşüb.
Səsimiz çırpınır vərəqlər üstə,
Səsimiz hörümçək toruna düşüb…
Dünyanın dolaşıq kələflərində
Yol azıb,
Qəribtək itmək də olar,
Çırpıb bu dünyanın qapılarını
Küsüb, birdəfəlik getmək də olar.
Ömür bu həyatın dolaylarında
Sabahkı cığırdı,
Bugünkü izdi;
Hələ ilk nəğməmi oxuyuram mən,
Sonuncudan demək bəlkə də tezdi.
Hələ nəğmə dolu bu ürəyimdə
Yaşamaq, yaratmaq eşqim var mənim,
Hələ bu dünyayla işim var mənim!..
Hələ dövlətlərin sərhədlərindən
Tikanlı məftili götürməliyəm.
Hələ yol gözləyən analara mən
Bir nəslin adını gətirməliyəm.
Hələ bu dünyanın meydanlarından
Dava kağızını süpürməliyəm.
İşsiz əsgərlərin ovuclarında
Bənövşə, qərənfil bitirməliyəm.
Yüyürüb ayların, illərin üstən
Araza körpülər salmalıyam mən,
Pusquda dayanmış ac lülələrdən
Alov qanadları almalıyam mən…
Dünyanın Buhenvald ocaqlarını
Meridian qəfəsdə söndürüm gərək.
Muğam bənövşəsi – “Yetim segah”ı
Özgə planetdə dindirim gərək…
Hələ nəğmə dolu bu ürəyimdə
Yaşamaq, yaratmaq eşqim var mənim,
Hələ bu dünyayla işim var mənim!
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli, seirler,
Nusret Kesemenli seirleri,
hələ bu dünyayla işim var mənim,
hele bu dunyayla, ayrılıq şeirləri,
sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri