seirler.info
Sevdiyim huridir, insan kimi görkəm yaradıb
Sevdiyim huridir, insan kimi görkəm yaradıb,
Az qalır aldanam Allah onu adəm yaradıb.
Yalnız Allahdı bilən biz nə üçün xəlq olduq,
Onu məndən, məni ondan yana bəlkəm yaradıb.
Aşiqi, yar olan hər ünvanı cənnət tanıyır,
Onsuz ünvanı təxəyyüldə cəhənnəm yaradıb.
Ağlımı aldı başımdan onu ilk gördükdə,
Aləmin Rəbbi onu ayrı bir aləm yaradıb.
Gör təbiət nə gözəl surəti bəxş etmiş ona,
Və təbiət ona aşiqləri sərsəm yaradıb.
Yağışın damlası düşdükcə onun tellərinə,
Sanıram gül ləçəyi üstünə şəbnəm yaradıb.
Allah əhv etsin həmin canana qıldım səcdə,
Onu Kəbəylə düşündün ki, O bahəm yaradıb.
Dönmərəm eşqdən əsla elə bağlandım mən,
Eşqi bağlanmaq üçün kəndiri möhkəm yaradıb.
Iman Allahına şükr eylə ki, qəm-qüssən var,
Nəzərindən çıxarıb kimləri biqəm yaradıb.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri