seirler.info
Bircə günlük kəpənək
(Nəbi Xəzri)
O sanki günəşlə gəldi cahana,
Döndü yelpazəyə zərrin qanadı.
Muncuq gözlərilə baxdı dörd yana,
Sirli möcüzəyə baxdı, doymadı.
Səma gəl gəl dedi mavi göl kimi,
Sanki süzüb göyə indi çatacaq.
Qondu güldən gülə, özü gül kimi,
Bir kəpənək gördü zərli, yaşıl, ağ.
Titrədi, dayandı, bu necə sirdi,
Qanadlar elə bil gəl gəl deyirdi.
Yer özü sevgiylə bağlıdır göyə,
Torpağa doğmadır gül çiçək eşqi,
İlahi nəğmə tək axdı ürəyə,
Kəpənək dilində kəpənək eşqi.
"Nə incə xallar var gör sevgilimdə,
Mənim övladlarım xoşbəxt olacaq!
Tanrı, yalvarıram, mənim nəslim də,
Ona oxşayaydı zərli, yaşıl, ağ"...
Coşdu sevənlərin azadə rəqsi,
Həm görüş rəqsiydi, həm vida rəqsi,
Birdən yağdı yağış, yox oldu yollar,
Elə yağış yağdı yer göy qovuşdu.
Çırpındı vücudu, töküldü xallar,
İslanmış qanadla o, hara uçdu?
Göz gözü görmədi qatı buluddan,
Qısa bir ömrə də tez gəldi əcəl.
Nallı bir çəkmənin təpiyi altda,
Qovuşdu torpağa vaxtından əvvəl
Yuxu tək gəldi o, yuxu tək getdi,
Ömrümü yaşadı fani dünyada?
Bir gün də onunçun əbədiyyətdi,
Yarımçıq qırıldı, əfsus ki, o da.
Onun qızıl nəsli, onun ağ nəsli
Həyatın qoynunda qaldı sirr kimi.
Sabah qanadlanıb, uçacaq nəsli,
Boy atır çəməndə bu gün zər kimi
Həyatdır, ey insan, qəm eyləmə sən,
Səbrin gözləriylə bax, göyə, yerə.
Sənə əbədiyyət vəd edilərkən
O nallı çəkməni gətir xatirə.
______________________________________________
Teqlər: Nəbi Xəzri şeirləri,
Nəbi Xəzri bircə günlük kəpənək şeiri,seirler,
birce gunluk kepenek seiri nebi xezri,
bircə günlük kəpənək,nebi xezri seirleri,şeirlər
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri