seirler.info
Kərpickəsən qoca və cavan
(Nizami Gəncəvi)
Deyirlər Şam tərəfdə bir qoca kişi vardı,
Pəri kimi xalq ilə onun nə işi vardı.
Əyninin köynəyini ot - ələfdən hörərdi,
Kərpic kəsib birtəhər dolanar, gün görərdi...
Qılınclı ərlərin ki, düşərdi qalxanları,
Məzarına kərpicdən döşərdi “qalxanları”.
Kəfənsizin kəfəni, duvağıydı kərpici,
Günahkarın ağzının suvağıydı kərpici.
Bir gün yenə işiylə başını qatdı qoca,
Əldən- dildən düşərək qan- tərə batdı qoca.
Birdən – birə göründü gözə bir cavan oğlan,
Başladı məzəmmətlə sözə bir cavan oğlan:
“Bu düşkünlük, zəlillik səncə, hara yaraşar?
Palçıq- saman yoğurmaq muzdurlara yaraşar.
Torpağın qalxanını qılıncınla sökmə sən,
Bir qarın çörək üçün öz abrını tökmə sən.
Bu kərpic qəlibini yandırıb külə döndər,
Ömrün xəzan bağını əlinlə gülə döndər.
Daş kimi kəltənlərə bel vurmaqdan nə çıxar?
Bəlimli palçıqları yoğurmaqdan nə çıxar?
Qocasan, qocaların yerişini yeri sən,
Yorularsan, cavanın yerişini yerisən”.
Qoca dedi: “Nadanlıq havası var başında,
Ağsaqqala gülürsən belə cavan yaşında.
Qocalar kərpic kəsər, halallıqla yaşayar,
Kölələr, əsir qullar ağır yüklər daşıyar.
Qarşında boyun büküb əl açmayım deyə mən,
Əzəldən əl atmışam belə bir peşəyə mən.
Nə xəzinə yığanam, nə də tirmə geyənəm,
Öz halal zəhmətimin çörəyini yeyənəm.
Halalca nemətimə naşükür olma mənim,
Nemətə xor baxana nemət qənimdir, qənim.”
Qocaya tənə vuran peşmanladı sözündən,
Gözdən itən zamanda yaş axıtdı gözündən.
Dünya görmüş insandı, qoca belə qocaydı,
Namuslu zəhmətiylə el gözündə ucaydı.
Unut dünya evini sən burada, Nizami!
Məslək eşqi yetirər hər murada, Nizami!
_____________________________________
Teqlər: Nizami Gəncəvi şeirləri və qəzəlləri ,
Nizami Gəncəvi şeirləri , qəzəllər ,
Nizami Gencevi qəzəlləri , qəzəl ,
Nizami Gencevi seirleri , qezel ,
Nİzami Gəncəvi kərpickəsən qoca və cavan ,
kerpickesen qoca ve cavan, Nizami Gencevi ,
klassiklər , klassik ədəbiyyat
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri