logo

seirler.info

Kimsəsiz

    (Elvin Elxanoğlu)
    
    Bir nəfər tanıdım iki gün öncə,
    Çoxlu faciələr çəkibdi başı.
    Bir yol qəzasında rəhmətə gedib
    Atası, anası, həm də qardaşı.

    Fələk acımayıb körpə yaşına,
    Bütün ailəsini əlindən alıb.
    Qohumlar evinə qəbul etməyib,
    Hətta bir neçə gün o çöldə qalıb.

    Qohumlar hamısı üz çeviribdi,
    Körpə yaşlarında tənha qalıbdı.
    Aparıb atıblar yetimxanaya,
    Beləcə hər biri rahatlanıbdı.

    Kimsəsizlər evi olub kimsəsi,
    Bir kimsə itirib axtarmayıbdı.
    Ümidlə keçibdi hər saniyəsi,
    Gözləri hər zaman yolda qalıbdı.

    Kimsəsizlər evi olanda nolar?
    İnsan yaxınını bir yada salar.
    Dörd yaşda körpəni qoymusuz ora,
    Niyə düşünmədiz nə oldu sonra?

    O uşaq nə yeyir, nə içir orda,
    Bəlkə hansısa bir ehtiyacı var.
    Niyə düşünmədiz axı bu uşaq
    Məhv olmuş ailədən sizə yadigar?
  
    Hər uşaq yanına biri gələndə
    Onun da gözləri qohum axtarıb.
    Yaman kövrəlirmiş ad günlərində,
    Günlərlə göz yaşı töküb, ağlayıb.

    Zamanla tükənib ümidləri də,
    Daha gözləməyin mənası yoxdu.
    Artıq böyüdükcə başa düşüb ki,
    Allahdan başqa bir kimsəsi yoxdu.

    İlləri-illərə qatıb beləcə,
    On səkkiz yaşına çatıb beləcə.
    Ordan da birbaşa xidmətə gedib,
    Gedib kişi kimi əsgərlik edib.

    Andiçmə günündə hər bir əsgərin
    Yaxın qohumları yanında olub.
    Hər biri sarılıb övladlarına,
    Onunsa kənarda gözləri dolub.

    Bunu hiss edib bir əsgər anası,
    Deyib ki – Baxıram sənə bayaqdan.
    De, görüm – Ay oğul, sən haralısan,
    Hardadı bəs atan, hardadı anan?

    O da danışıbdı ona gerçəyi,
    Deyib – Hər ikisi dünyadan köçüb.
    Qadın ürəyidi, dözə bilməyib,
    Ağlayıb Mehmanın üzündən öpüb.
  
    Oğlunun yanında oturdub onu,
    Ev yeməklərindən ona da verib.
    Öz övladı kimi davranıb ona,
    Sonra sağollaşıb evinə gedib.

    Hər həftə sonunda – görüş günündə
    Kiminsə yanına gəlir qohumu.
    Həsrətlə baxırmış hər dəfəsində,
    Heç kimsə ziyarət etmirdi onu.

    Hər dəfə gizlədir ağlamağını,
    Kimsə göz yaşını görməsin deyə.
    Heç vaxt istəmirdi buraxılışı,
    Evsiz olmağını bilməsin deyə.

    Bir gün bir gizirlə sözləri olur,
    Gizir komandirə şikayət edir.
    Komandir hirslənir onun üstünə:
    “Zəng elə, atanı buraya gətir!”

    Deyir ki – Heç kimim yoxdu həyatda,
    Yetimlər evində böyümüşəm mən.
    Heç bir qohumumu tanımıram ki,
    Komandir, kimsəsiz böyümüşəm mən.

    Bu cavab kövrəltdi komandirini,
    Dedi ki – Darıxma, yaxşı olacaq.
    Kimsəsiz deyilsən, bax bizlər varıq,
    Bir gün yaxınların da tapılacaq.
  
    Günlərin bir günü... Bir görüş günü
    Deyirlər – Yanına qohumun gəlib.
    İlk dəfə ürəkdən sevinib o an,
    Tələsib görüşə heç dayanmadan.

    Görüb bir qadındı, iki də qızı,
    Sarılıb öpüblər onun üzündən.
    Bu hissi ilk dəfə yaşayırdı o,
    Sevincdən yaş gəlib onun gözündən.

    – Kimsiniz?.. Tanıya bilmədim sizi,
    Heç zaman, heç yerdə görmədim sizi.
    Dedilər – Qohumuq, sən bilməsən də,
    Biz səni görmüşük, sən görməsəndə.

    Hər həftə yanına gələrdi onlar,
    Yeməkdən-içməkdən gətirərdilər.
    Görüş müddətində xoş söhbət edər,
    Yetimin üzünü güldürərdilər.

    Yenə bir gün belə oturmuşdular,
    Qızlardan birisi dedi, ay ana,
    Əl edib gülərək işarət etdi:
    “Ora bax arxada dayanıb ata...”

    Mehman da arxaya dönüb həmin an
    Həmin o giziri gördü o zaman.
    O qadın gizirin yoldaşı imiş,
    Qızlarda doğmaca qızları imiş.
  
    Kimsəsiz olduğun biləndə gizir
    Ağlında yarandı belə bir fikir.
    Evdə danışaraq razı olublar,
    Onunçün belə bir plan qurublar.

    Hər kəsin yanında vardı hörməti,
    Vaxt gəldi, bitirdi hərbi xidməti.
    Hər kəs gülür, onun yox idi kefi,
    Əfsus ki, getməyə yox idi evi.

    Başladı özünə iş axtarmağa,
    Bir yer lazım idi gecə qalmağa.
    Bir qarın çörəyə fəhləlik edib,
    Həmişə ən çətin işlərə gedib.

    O qədər ağır iş görmüşdü Mehman,
    Fiziki cəhətdən möhkəm qalmışdı.
    Əsgərlik dövründə bir neçə dəfə
    Yarışa qatılıb qalib olmuşdu.

    Həyatın vurduğu zərbələr ki var,
    Möhkəm dayanmağı öyrədib ona.
    İdmana marağı olduğu üçün
    Bir müddət getmişdi müəllim yanına.

    Elə gün olub ki, iş olmayanda
    Zibil qablarından yemək axtarıb.
    Vaqonlarda yatıb yağış yağanda,
    Qalan gecələri parklarda yatıb.
  
    Belə davam edib günlər, həftələr,
    Bir gün dostlar ona bir təklif etdi.
    Dedilər – Bir yerdə qürbətə gedək,
    Mehman da qoşulub onlarla getdi.

    Gəldilər, çıxdılar qərib diyara,
    Düşündü mən hara, buralar hara?!
    Burda da gördülər çox çətinliklər,
    Çünki rus dilini bilməyirdilər.

    Gündüzlər yenə də fəhləlik edib
    Bir qarın çörəyə möhtac oldular.
    Qalacaq yerləri yox idi deyə
    Gecələr yenə də parkda yatdılar.

    Bir gün yaxınlaşır onlara biri,
    Deyir ki – Bir işçi gərəkdi bizə.
    Mehmanla danışıb razılaşırlar,
    Birlikdə oradan uzaqlaşırlar.

    Türk iş adamının şirkəti imiş,
    Şirkət Rusiyaya mal göndərirmiş.
    İstanbuldan ora gəlirdi Tırlar,
    Onlar da malları boşaldırdılar.

    Şirkətin müdiri baxıb işinə
    Çağırdı Mehmanı öz ofisinə.
    Dedi ki – İşini bəyəndim sənin,
    Burda kimin, kimsən vardırmı sənin?
  
    Bildi ki, bir kimi, kimsəsi yoxdu,
    Dedi – Bundan sonra burda qalarsan.
    Həm gələn mallara göz-qulaq olar,
    Həm də ki işləyib pul qazanarsan.

    Mehman çox sevindi iş təklifinə,
    Təşəkkür eylədi türk müdirinə.
    Səhərlər işləyib malı boşaltdı,
    Gecələr də həmin ofisdə yatdı.

    Müdür də işini çox bəyənirdi,
    Hər zaman “Afərin” – deyərdi ona.
    Aradan bir müddət keçəndən sonra
    Artım da etmişdi onun puluna.

    Bir gün söhbət düşdü, ara qarışdı,
    Dedilər – Ofisdən pul yoxa çıxıb.
    Çoxları Mehmandan şübhələnirdi,
    Yetim olduğunu hamı bilirdi.

    Dedilər – Yəqin o götürüb pulu,
    Götürüb hardasa gizlədib pulu.
    Mehman da görürdü olub bitəni,
    Həmin gün yatmadı bütün gecəni.

    Bir müddətdən sonra pullar tapıldı,
    Deməli, o pullar çantada olub,
    Anbarda bir küncə qoyublar onu,
    Mallar yığılanda arxada qalıb.
  
    O gündən sonra da bir neçə dəfə
    Mehman pul taparaq verib müdirə,
    Bir dəfə pul olan kassanı açıq
    Görərək tez gedib deyib müdirə.

    Sən demə, Mehmanı yoxlamaq üçün
    Müdiri kamera quraşdırıbmış.
    Bilərək pulları açığa qoyub
    Kassanın qapısın bağlamayıbmış.

    Türkün güvənini qazanıb tamam,
    Daim sədaqətlə o işləyirdi.
    Müdir işlə bağlı harasa getsə,
    Kassanın açarın ona verirdi.

    Müdir İstanbulda olan bir zaman
    Ordan zəng eyləyib deyir – Ay Mehman,
    Daha Rusiyaya qayıtmayacam,
    Uğurlar, mən səni unutmayacam!

    Qayıdıb dostların yanına gəldi,
    O bir mağazada işə düzəldi.
    Səhərdən-axşama meyvə satırdı,
    Axşamda yıxılıb orda yatırdı.

    Bir gün zəng gəlmişdi cib nömrəsinə,
    Çağırdılar gömrük məntəqəsinə.
    Dedilər – Gəl qol çək qəbul aktına,
    İki Tır gəlibdi sənin adına.
  
    Maşınlar aiddi türk şirkətinə,
    Götürüb zəng etdi türk müdirinə.
    Söylədi – Malların çatıbdı mənə,
    Sevindi türk geri qayıtdı deyə.

    Amma ki həqiqət başqa cür oldu,
    Müdir danışdıqca gözləri doldu.
    Söylədi ki – Artıq sənindi mallar,
    Çox azdı sənintək təmiz insanlar.

    Satarsan onları, pul qazanarsan,
    O pulla özünə bir iş qurarsan.
    Halal xoşun olsun, sağ-salamat qal,
    Bizləri unutma, hərdən yada sal!

    Xeyli vaxt dayanıb baxdı mallara,
    İnana bilmirdi bu olanlara.
    Təəccüblənmişdi türkün sözündən,
    Göz yaşı sel olub axdı gözündən.

    Türk dediyi kimi malları satdı,
    Artıq kasıblığın daşını atdı.
    Gördü bəhrəsini hər əziyyətin,
    Artırdı günbəgün varın-dövlətin.

    Qatdı gecəsini o gündüzünə,
    Ticarət biznesi qurdu özünə.
    Mehmanın var indi hər bir imkanı -
    Bahalı maşını, evi, dükanı.
  
    Vəziyyəti bir azca düzələn kimi
    Axtardı öz qohum-qəbiləsini.
    Bir nəfər dedi ki – Yaşayır anan,
    Tək o sağ qalıbmış həmin qəzadan.

    Mehman bu xəbərə yaman sevinir,
    İşləri buraxıb Bakıya gedir.
    Deyirlər – Qocalar evində qalır,
    Gəlib o deyilən ünvanı tapır.

    Yaşlı bir qadını göstərib ona
    Deyirlər – Anandı, sarıl boynuna.
    Əvəzində ondan pul da alırlar,
    Sonra da oradan uzaqlaşırlar.

    Sevinir, qovuşdu öz anasına,
    Aparmaq istəyir onu yanına.
    Bir gün anasıyla oturan zaman
    Arxadan birisi səsləyir bu an.

    Görür ki, çağıran yaşlı qadındı,
    Deyir – O anan yox başqa qadındı.
    Səni aldadıblar, görünür, bala,
    Mən dözə bilmərəm bu acı hala.

    Yəqin ki, biliblər çoxlu pulun var,
    Onunçün belə bir oyun qurublar.
    Əvvəl inanmadı o duyduğuna,
    Həmin an zəng vurdu həmin oğlana.
  
    Artıq işləmirdi onun nömrəsi,
    Bildi ki, yenə də yoxdu kimsəsi.
    Aldadıb alıblar səkkiz min pulun,
    Başına açıblar belə bir oyun.

    Gecəni sübhəcən keçirdi oyaq.
    Göz yaşı sel olub üzünə axdı.
    Bir insan olarmı bu qədər alçaq?
    Olanlar qəlbini yandırdı, yaxdı...

    Hansı ümidlərlə gəlmişdi bura,
    Anaya qovuşmaq həsrəti vardı.
    Heç ağlına belə gətirməzdi ki,
    Kimsə mənliyini pula satardı.

    Qayıtdı kor-peşman halda geriyə,
    Yaman incitmişdi olanlar onu.
    Qəlbində bir ümid közərmişdisə,
    Birisi püləyib söndürdü onu.

    Dedi ki – Çox olur qohum çıxanlar,
    Gəlib deyirlər ki – Dayın, əminəm.
    Heç vaxt dəyməsəm də xətirlərinə,
    Bilirəm, yalandı, mən kimsəsizəm.

    Yalnız Allahımı tanıyıram mən,
    Odu hər gizlini görən və bilən.
    Hər bir kimsəsizin kimsəsi odur
    Bir vaxtlar kasıbdım, indi zənginəm.

    Üzümü tuturam mən insanlara,
    – Pul üçün deməyin, qohumunam mən.
    Körpə yaşlarımda axtarmayanı
    Bu yaşdan sonra da mən istəmirəm!
  
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər