seirler.info
Lal xəritə
(Nüsrət Kəsəmənli)
Bir lal xəritədir, ana, sifətin
Demə ki, mən hara, xəritə hara.
Qara xal elə bir dövlət mərkəzi
Qırışlar yol kimi uzanıb ora.
Atamın baxışı od-alov imiş,
Neçə ürəklərə közü düşübdür.
Sənə də sözünü gözüylə demiş
Yoxsa baxışının izi düşübdür.
İllər öz atını çapıb getdimi,
Bir Ömrün yolları yatıb üzünə.
Bəlkə də qiymətli bir sənəd kimi
İllər imzasını atıb üzünə...
Böyütdün sən məni bir arzu kimi,
Gözümdə gözünün qarası qalıb.
Gəncliyin illərlə axıb su kimi
Üzündə dolaşıq məcrası qalıb.
Xatirə səpilib o qırışlara
Min hikmət söyləyər,
birin, dindir.
Mən özüm, mən
Özüm səninəm, ana
Bəs o qırışlardan hansı mənimdir?..
Bir lal xəritədir, ana, sifətin
Demə ki, mən hara, xəritə hara.
Qara xal elə bir dövlət mərkəzi
Qırışlar yol kimi uzanıb ora.
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri
Nusret Kesemenli , seirler
Nusret Kesemenli seirleri ,
lal xəritə şeiri ,
lal xerite , ayrılıq şeirləri
sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri