seirler.info
Mən Azərbaycanam!
(Xəlil Rza Ulutürk)
Dinləyin, dinləyin, mən bir kamanam,
Şərqin sinəsindən qopan fəğanam.
Uzaq əsirlərin dərinliyindən
Sabaha üz qoyan sonsuz karvanam.
Ovcu qabar-qabar, ciyəri təşnə,
Günəşi ardınca çəkən sarbanam.
Bu qoca dünyanın tən ortasında
Bülbülü susmayan bir gülüstanam.
Sovqatı, bəxşişi açıq sinidə,
Ağzının sonuncu tikəsini də
Dosta bağışlayan, düşmənə verən
Dumanlı Təbrizəm, çənli Zəncanam.
Hər şeyi alınıb tükənsə belə,
Eşqi tükənməyən Azərbaycanam!
Dinləyin, dinləyin, mən bir kamanam,
Dağ-daşı yandıran aham, amanam.
Bir vaxt Albaniya dedilər mənə,
Dağlardan vüqarlı alpam, alpanam.
Neçə Keyxosrovun açıq döşündə
Brilyant tacını bomboş qoyanam.
Rüstəm Zal öldürdü öz Söhrabını,
Söhrabam, mən onu bağışlayanam.
Təkcə öz dibinə işıq salmayan,
Hamıya nur verən şamam, şamdanam.
Dinlə, qoca dünya, ey mənim anam:
Min yol öldürülən, yenə ölməyən
ƏZƏLİ, ƏBƏDİ AZƏRBAYCANAM!
______________________________________________
Teqlər: Xəlil Rza Ulutürk şeirləri,
Xəlil Rza Ulutürk mən Azərbaycanam şeiri,
şeirlər,sevgi şeiri, seirler,sevgi şeirləri,
men azerbaycanam seiri xelil rza uluturk,
xəlil rza mən azərbaycanam şeiri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri