logo

seirler.info

Məndən ötdü,qardaşıma dəydi...

    (Məmməd Araz)
    
    Ey daşlaşan, torpaqlaşan
    ulu babam!
    Bu günümdən dünənimə uzaqlaşan
    ulu babam!
    
    Küləkləşən, dumanlaşan ruhunla sən
    Ayağa dur, səninləyəm!
    Səs getməyən,
    əl yetməyən
    
    Qədim tarix dərəsindən
    Səs ver mənim səsimə sən:
    Sənə gələn, səndən ötən
    nəydi belə? -
    
    Səndən ötüb qardaşına dəydi belə?
    Bununla mı neçə dəfə
    Ata-oğul, qardaş hisi haçalandı,
    Bir şəhərin
    
    Beş qardaşın xanlığına parçalandı?
    O zaman mı bitdi bizim
    dilimizin
    
    “sənin ”, “mənim ” qəbəri də?
    O zaman mı bitdi bizim
    dilimizin
    “haralısan” damarı da?!
    
    Səninləyəm, ulu babam!
    Bu məsəli kimdi yazan?
    Məndən ötdü!..
    Qulağımdan getmir bu səs,
    Zərbələri qardaşına,
    Sirdaşma ötürən kəs
    Elə bil ki bax bu gecə
    Qulağımın dibindəcə
    Xətainin suqutuna
    qəh-qəh çəkdi.
    Azərbaycan torpağında
    
    Araz boyda şırım açdı.
    Məndən ötdü...
    Bunu dedi Şəki xanı.
    Bunu dedi Bakı xam,
    Bunu dedi İbrahim xan,
    Fətəli xan, Kəlbəli xan...
    Qəza ötsün məndən, - dedi,
    Ötən kimi “mən-mən” dedi:
    “Mən-mən” dedi bir ölkədə
    nə qədər xan.
    
    Onlar “mən-mən” deyən yerdə
    Sən olmadım, Azərbaycan!
    Ey daşlaşan, torpaqlaşan
    ulu babam!
    Bu günümdən dünənimə uzaqlaşan
    ulu babam!
    
    Ayağa dur! Dəfn etdiyim məsələnin
    Baş daşına
    Bir təəssüf xatirəsi yazıb, yondur:
    Səndən ötən mənə dəydi,
    Məndən ötən sənə dəydi.
    Səndən, məndən ötən zərbə
    Vətən, vətən, sənə dəydi...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər