seirler.info
Mən necə bir şeir yazım
(Elvin Elxanoğlu)
Mən necə bir şeir yazım,
Möcüzələr gerçək olsun?
Mən necə bir şeir yazım,
Qüssə, kədər uzaq dursun?
Mən necə bir şeir yazım,
Gedib çatsın uzaqlara?
Bir şeirlə dönə bilim
O saf, qayğısız vaxtlara.
Mən necə bir şeir yazım,
Gedib çatsın Yaradana?
Mən necə bir şeir yazım,
Ağlamasın heç bir ana?
Mən necə bir şeir yazım,
Həsrətlərə son qoyulsun?
Bitsin bütün ayrılıqlar,
Gözlər yollardan yığılsın?
Mən necə bir şeir yazım,
Qayıtsın çıxıb gedənlər?
Mən necə bir şeir yazım,
Qovuşsun bütün sevənlər?
Mən necə bir şeir yazım,
Barışdırsın küsənləri?
İnciyənlər bağışlasın
Onları incidənləri.
Mən necə bir şeir yazım,
Amin olsun hər duaya?
Mən necə bir şeir yazım,
Sülh gəlsin bütün dünyaya?!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri