seirler.info
Qadan alım bəs nə vaxtsa
(Sevinc Azadlı)
Bilirdim ki, sən qismətim deyilsən,
Yenə sevdim, doğma bilib özümə.
Zülmətimi aydınladan nur idin,
İşıq idin qaranlıqda gözümə.
Dərin qəflət yuxusunda yatmışdım,
Öz başımı dərdim ilə qatmışdım,
Sevincimi ətəyimdən atmışdım,
Gəldin gülüş bəxş elədin üzümə.
Xəyalımda səni mənə yazırdım,
Hər yuxumu ayağına yozurdum,
Sənsizliyə sənə görə dözürdüm,
Yorulmazdım baş qoysaydım dizinə.
Unutdurdun doğmaları, yadımı,
Bir söz desəm qırmazsan bu qadını?
Qadan alım bəs nə vaxtsa adımı,
Qoyarsanmı ipək saçlı qızına?
22.11.2024
_______________________________________________
Teqlər: Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri