seirler.info
Olmaya
(Rəşad Azəri)
Könül ola, dərdlərini deməyə,
Əda edib səndən bezən olmaya.
Çətin olur ümidlərin dönməyi,
Gümanların ruhun əzən olmaya.
Bir vüqar var görkəmində, donunda,
Kəklik otlar yamacında, yönündə.
Başı qarlı gur dağların önündə
Susuz yanan səhra, düzən olmaya.
Həddini çox aşanlara sözüm var,
Haqqı danıb çaşanlara sözüm var.
Hər işə söz qoşanlara sözüm var:
– Şirin bala ağız büzən olmaya.
Dünyaya nur olmaz bir tək çıraqdan,
Namə yazım gül qoxuyan varaqdan.
Yanan eşqim, saf sevgimə qıraqdan
Oğrun-oğrun baxıb süzən olmaya.
Dua aldım öz obamdan-elimdən,
İlham aldım dağdan enən selimdən.
Rəşadın bu sevgi dolu dilindən
Aşiq olub şeir yazan olmaya...
_______________________________________________
Teqlər: Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri