seirler.info
Ömürdən bir gün də...
(Nüsrət Kəsəmənli)
Ömürdən bir gündə keçdi, beləcə,
Yarı yuxuludur,
Yarı oyaqdır.
Duyğular qoynunda ötən hər gecə
Kiminsə ömrünə qayıdacaqdır.
Ömürdən bir gündə keçdi, beləcə;
Bir gün də gecədə pul kimi itdi.
Peşiman bir gözəl qayıtsın necə,
Özünü bir qəlbdə öldürüb getdi...
Ömürdən bir gündə keçdi, beləcə;
Dumanlar içində yuxudu bəlkə.
Kimsə bu günümə bəlkə güləcək,
Kimsə yazdığımı oxudu bəlkə...
Ömürdən bir gündə keçdi, beləcə;
Getdi...
Bir ümidə güman azaldı.
Bir xəstə bildi ki, mütləq öləcək,
Deməli, möcüzə uman azaldı.
Ömürdən bir gündə keçdi, beləcə;
Qəbristan yoluna təzə iz düşdü.
Bir ana bətninin qaranlığından
Çarpayı üstünə bir gündüz düşdü.
Ömürdən bir gündə keçdi, beləcə;
Yaş bir balıq kimi sürüşür günlər,
Axan ulduzlarla ağlayır gecə,
Doğan günəşiylə gülüşür günlər.
Ömürdən bir gündə keçdi, beləcə;
Bir kəl buynuzuna görən nə doldu?!
Birini sükanda haqladı əcəl,
Bir bağa çanağı kül qabı oldu.
Ömürdən bir gündə keçdi, beləcə;
Ömür kitabında vərəqlər ağdı,
Qapqara kölgəmdən bezib bu küçə,
Kölgəmi səkilər aparacaqdı...
Ömürdən bir gündə keçdi, beləcə;
Səhəri günəşli,
Axşamı qürub.
Ömürdən bir gündə keçdi, beləcə;
Görəsən qarşıda hansı gün durub?!
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli , seirler ,
Nusret Kesemenli seirleri ,
ömürdən bir gün də şeiri ,
omurden bir gun de , şeirlər ,
ayrılıq şeirləri , şeir ,
sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri