logo

seirler.info

Öyrət mənə unutmağı

    (Elvin Elxanoğlu)
    
    Bir şey xahiş edim səndən:
    “Öyrət mənə unutmağı...”
    Sən nə gözəl unutmusan,
    Mən də elə istəyirəm,
    Ağlıma da, yuxuma da gəlmə daha.
    İstəmirəm darıxmağı,
    Öyrət mənə unutmağı...
    Necə düşmürəm yadına?
    Düşürəmsə,
    Sızlamırmı qəlbin sənin?
    Bəs sən necə bacarırsan? -
    Öyrət mənə öz qəlbini ovutmağı,
    Öyrət mənə unutmağı...
    Bir musiqi dinləyəndə
    Aparmırmı o günlərə?
    Gözlərin dolmurmu sənin
    Baxan zaman sevənlərə?
    Bir gəzdiyimiz küçələr,
    Soyuq sahil, coşqun dəniz,
    Qağayılar, gur ləpələr
    Yadına salmırmı məni?
    Yoxsa daha üşümürsən?
    Ya getmirsən oralara?
    İkimizin izlədiyi bir filmə
    Tək baxanda ağlamısan?
    Yoxsa... Məndən sonra daha
    Heç bir filmə baxmamısan?
    Bu sözlərdən sonra yenə
    Düşünmürsən qayıtmağı?
    Görürsən mən bacarmıram,
    Öyrət mənə unutmağı...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər