seirler.info
Qadınsız ev
(Nəbi Xəzri)
Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev —
tufandakı gəmidir,
O nə batır, nə limana yetişir.
Ağır dərdlər faciənin gücüdür,
Nə sevinib, nə də gülə bilirsən.
Qadınsız ev —
xəstəxana küncüdür,
Nə dirilir, nə də ölə bilirsən.
Fəlakətdə neçə-neçə sirr yatır,
Səni yıxır, polad kimi o sınmır.
Qadınsız ev —
günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır.
Sən bir quşsan, ruhun sınmış qanaddır,
Heç baxma ki, külək sərin, meh ilıq...
Qadınsız ev —
ulduzsuz kainatdır,
Həmdəmindir sükut ilə qaranlıq.
Ey kişilər!
Sevginizi əzizləyin cahanda,
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən —
ömrün axır anında,
Gözünüzü qapayan da olmadı!
______________________________________________
Teqlər: Nəbi Xəzri şeirləri,
Nəbi Xəzri qadınsız ev şeiri,
qadinsiz ev seiri nebi xezri,
çiyinlərdə yerin-göyün qəmidir,
seirler,sevgi şeirləri,
nebi xezri seirleri,şeirlər
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri