logo

seirler.info

Qadın ürəyi

    (Nüsrət Kəsəmənli)
    
    Necə rəhmlidir, necə amansız,
Necə mehribandır Qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

…Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandı qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o,
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə,
Ən gözəl dərmandı qadın ürəyi.

Onu ağladan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandı qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti gülsə də üzdən.
Bəzən uşaq kimi bir ürəksizdən,
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən qiymətli bir libas içində,
Nalədir, fəğandır qadın ürəyi.

Ömrə zinət verən, səadət quran,
Kişi ürəyini nurla dolduran.
İsməti bir nəsli göyə qaldıran,
Eşqə hökmürandır qadın ürəyi.



_____________________________________
Teqlər:  Nüsrət Kəsəmənli şeirləri ,
        Nusret Kesemenli , seirler ,
        Nusret Kesemenli seirleri ,
        qadın ürəyi şeiri , qadin ureyi,
        Nüsrət Kəsəmənli qadın ürəyi , 
        qadına aid şeir , şeir ,
        sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər