seirler.info
Qanlı Yanvar
(Elvin Elxanoğlu)
20 Yanvar günü, o qanlı gecə
Silahsız xalqıma divan tutuldu,
Azadlıq deyərək toplaşan xalqa
Odlu silahlardan atəş açıldı.
Əliyalın xalqın, dinc əhalinin
Üstünə onlarla tank yeridildi.
Tarix görməmişdi belə vəhşilik,
Yüzlərlə həmvətən şəhid edildi.
Nə qoca, nə cavan, nə qız, nə gəlin,
Əzdilər keçdilər körpələrəcən.
Bakı qan ağladı, fəryad qopardı
Gecədən başlamış düz səhərəcən.
Qorxuyla döndərmək istəsələr də,
Xalq öz amalından geri dönmədi.
Nə şaxta, nə ordu, nə də ki tanklar
Xalqımın əzmini qıra bilmədi.
Bir xalq göstərin ki, tanklar önünə
Əliyalın çıxa, silahsız çıxa.
Bu mənim xalqımdı, bircə gecədə
Qanıyla qol çəkdi o azadlığa.
Üstündən yüz illər gəlib keçsə də,
Heç vaxt unutmarıq bu faciəni.
Qan yaddaşımıza dönən bu qanlı,
Həm acı, həm də ki şanlı gecəni.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri