seirler.info
Niyə çıxdın qarşıma
(Elvin Elxanoğlu)
Demişdin – Gözünə görünməyəcəm,
Axı niyə çıxdın qarşıma mənim?
Hələ sənsizliyə öyrəşməmişəm,
Axı niyə çıxdın qarşıma mənim?
Həsrətin qəlbimi yandırıb yaxır,
Ürəyim səninçün yaman darıxır.
Görəndə ürəyim yerindən çıxır,
Axı niyə çıxdın qarşıma mənim?
Hər gün xəyalınla söhbət edirəm,
Çıxdığımız yolu sənsiz gedirəm.
Qəlbimə “Sən onu unut” – deyirəm,
Axı niyə çıxdın qarşıma mənim?
Gedəndə nə qədər ağlamışdım mən,
Yas tutub qaralar bağlamışdım mən.
Təzə unutmağa başlamışdım mən,
Axı niyə çıxdın qarşıma mənim?
Gözlərim yollarda qaldı, biləsən,
Həsrətlə gözlədim, geri dönəsən.
İstəmirdim, məni dərdli görəsən,
Axı niyə çıxdın qarşıma mənim?
Gözündə yaş ilə dayanma belə,
Qorxuram, ürəyin qapılar selə.
Günahkar özünsən, bəs bilə-bilə
Axı niyə çıxdın qarşıma mənim?
Yadıma salırsan ötən illəri,
Ötən günlər daha qayıtmaz geri.
Dayanma qarşımda, sən Allah, yeri,
Axı niyə çıxdın qarşıma mənim?
Bir də o gözlərə baxmaram daha,
Donsan da, əlindən tutmaram daha.
Bilirəm, bu gecə yatmaram daha,
Axı niyə çıxdın qarşıma mənim?
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri